DGH sədri İsmayıl İslamoğlu: Siyasi bölgülərlə meydanlarda birləşmək olmaz


Minion.az xəbər verir ki, bu gün Demokratik Gənclər Hərəkatının təsis konfransı keçirilib. Demokratik səsvermə yolu ilə təşkilata sədr seçilən İsmayıl İslamoğlu, ölkənin bu günkü iqtisadi və siyasi durumundan danışıb.
Onun sözlərinə görə, müxalifəti parçalamaqla məşğul olanların fəaliyyəti hakimiyyətə xidmət etməkdir:
" Biz öz bəyənatımızda bütün həqiqi müxalifət partiyalarının yanında olacağımıza dair fikirlər irəli sürmüşük. Yaratdığımız təşkilat siyasi prosesləri yaxından izləyərək, bu proseslərə müəyyən qədər təsir etməyi planda tutur. Bu gün müxalifət partiyalarını parçalamaqla, siyasi bölgülərlə heç bir zaman meydanlarda birləşmək mümkün deyil. Azərbaycan vətəndaşının bu günkü iqtisadi durumu olduqca ağırdır. Bunun da başlıca nəticələrindən biri ölkənin siyasi proseslərinin zəifliyi ilə əlaqədardir. Biz Demokratik Gənclər Hərəkatı olaraq, hesab edirik ki, Azərbaycanda bütün demokratik qüvvələrin birləşməsinə ciddi ehtiyac var"
Daha sonra İsmayıl İslamoğlu bildirib ki, gənclərin bu siyasi proseslərdə qocaman müxalifət liderləri ilə birgə addımlaması, onların yeni praktika qazanmalarına və inkişafına kömək olacaqdır:
"Bu gün biz gənclərin qocaman müxalifət liderlərinin yanında olmağımız, onlarla bu şərəfli yolda birgə addımlamağa təşəbbüs göstərməyimiz, gələcəkdə siyasi proseslərdə daha çox inkişaf etməyimizə dəlalət edəcək. Sözsüz ki, bizim müxalifətin içində də, artıq bəzi nüanslarda dəyişikliklərin edilməsi vacib hala gəlib. Siyasi arenaya gənc liderlərin, gənc siyasətçilərin, yeni simaların gəlməsi birgə mübarizənin daha güclənməsində yaxından iştirak edə bilər. Biz belə hesab edirik ki, yeni kadrların yetişərək ortaya çıxması da bu hakimiyyəti kifayət qədər ciddi narahat edir. Lakin, nə qədər təziqlər olsa da, bizim mübarizəmiz dönməzdir"

Zaqafqaziya.info