Azərbaycan elminə ağır itki üz verib.

Minion.az enter.news- a istinadən xəbər verir ki, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru Dünyamin Yunusov az öncə vəfat edib.

Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Şəki rayonunun Böyük-Dəhnə kəndində anadan olmuşdur. Evlidir, iki övladı və üç nəvəsi vardır.

1957-1967-ci illərdə həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurmuş və 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil almışdır.

Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə İngilis dilinin qrammatikası kafedrasında müəllim saxlanılmışdır.

1973-cü ilin noyabrından 1974-cü ilin noyabr ayınadək ordu sıralarında xidmət etmiş və 1975-ci ilin yanvar ayından İngilis dililnin qrammatikası kafedrasında müəllimlik fəalliyyətini davam etdirməyə başlamışdır. 1985-ci ildə Tbilisi şəhərində “Müasir ingilis dilində “that” bağlayıcılı və onsuz tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin intonasiya variativliyi” adlı namizədlik dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmiş və qısa müddətdə filologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır. D.N.Yunusov 1988-ci ildə dosent vəzifəsinə seçilmişdir. 2007-ci ildə “Müxtəlifsistemli dillərdə mürəkkəb sintaktik vahidlərin variativliyi” adlı doktorluq dissertasiyasını müdafiə etmiş və elə həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 2008-ci ilin aprel ayından işlədiyi İngilis dilinin qrammatikası kafedrasının professorudur.

ABŞ-da, Böyük Britaniyada, Almaniyada, İtaliyada, Fransada, Belçikada, Qazaxıstanda, Ukraynada, Gürcüstanda və s. ölkələrdə sumpozium, konfrans və konqreslərdə iştirak etmiş və təcrübə mübadiləsi keçmişdir. O, on yeddi kitabın və üç yüzə yaxın elmi məqalənin müəllifidir. Kitabları eyni zamanda Türkiyə Respublikasında və İran İslam Respublikasında da nəşr olunmuş və hal-hazırda həmin ölkələrin bəzi ali məktəblərində tədris olunur. Onun məqalələri ABŞ-da, Rusiya Federasiyasında, Ukraynada, Qazaxıstanda, Belarusda, Gürcüstanda və s. ölkələrdə çapdan çıxmışdır. Dünyamin Yunusov Azərbaycan Dillər Universitetində Elmi işlər üzrə prorektor kimi məsul bir vəzifənin də öhdəsindən layiqincə gəlir. Müxtəlif vaxtlarda o, ADU-da dekan müavini, kafedra müdiri, TEC-in sədri, “Təhsil və elm” komissiyası sədrinin müavini və s. vəzifələrdə çalışmışdır.

Dünyamin Nurqələm oğlu Yunusov 2011-ci ildən Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisidir” və elə həmin ildən Gürcüstan Respublikası Təhsil Elmləri Akademiyasının akademikidir.

2015-ci ilin Noyabr ayının 25-dən 2016-cı ilin 26 dekabr tarixinə qədər Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edib.

Dünyamin Yunusov ilk dəfə Azərbaycanda “İngilis və Azərbaycan dillərinin müqayisəli tipologiyası / Comparative typology of the English and Azerbaijani languages" adlı dərslik nəşr etdirmiş və bu dərslikdən Respublikamızın demək olar ki, bütün universitetlərinin filologiya fakültələrinin tələbələri istifadə edirlər.

1981-ci ildə işlərindəki müvəffəqiyyətinə, elmi və ictimai həyatdakı fəal iştirakına görə “Sosializm yarışının qalibi” olmuş və “döş nişanı” ilə təltif edilmişdir.
Dünyamin Yunusov 2012 – ci ildən Qızıl Qələm mükafatı laureatıdır və Avropa Nəşr Mətbuat Evinin təsis etdiyi “Ən yaxşı tədqiqatçı alim” qızıl medalına layiq görülmüşdür.