"Fədayə kimi sevgi yaşamaq istəyərəm" - Afət Fərmanqızı ilə müsahibə - FOTOLAR


Saytımızın növbəti qonağı müğənni Afət Fərmanqızı olub.

Onun GoldNews.az-a verdiyi müsahibəni sizə təqdim edirik:

- Salam, Afət xanım, xoş gəlmisiniz.

- Salam, xoş gördük.

- Nədənsə birdən-birə efirlərə çıxmağa, müğənnilik fəaliyyəti ilə məşğul olmağa qərar verdiniz. Necə deyərlər, ulduzunuz qəfildən parladı. Nə baş verdi ki, efirə çıxmaq, izləyici ilə görüşmək istədiniz?

- Mən 16-17 il əvvəl bu sənətə başlamışam və mənim məqsədim sadəcə məşhurlaşmaq olmayıb. Uşaqlıqdan fortopiano dərsləri alırdım, xorda ifa etmişdim və bu sahədə özümü sınamağa qərar verdim. Amma o vaxt efir sənət adamlarının həyatında bu qədər rol oynamırdı. Bununla belə, şəxsi həyatımla bağlı problemlər - anamın vəfat etməsi, oğlumun yalnız qalması və sairə məsələlər məni efirdən uzaqlaşdırdı. Başqa istiqamətdə irəlilədim, bir müddət pedaqoji fəaliyyətlə məşğul oldum. Lakin bu sənətə həmişə marağım olub, sadəcə olaraq, keçmiş həyat yoldaşım mənə icazə vermədi. O şəxslə ayrıldıqdan sonra mən sənətə yenidən qayıtdım. Sənətə qayıtmağımda Nazənin mənə kömək oldu. Daha sonra isə aldığım təkliflər də məni bu işə sövq etdi. Ailəmi də dolandırmalı idim və başlamağa qərar verdim. Həmin ərəfədə musiqili meyxanalara müraciət etdim. "Xına" mahnısı mənə uğur gətirdi. İnsanlar xına mərasiminin keçirilməsi üçün məni seçdilər və bununla sevilməyə başladım.

- Son zamanlar duet ifa etmək dəbdədir. Bəs sizin necə, birlikdə oxumaq istədiyiniz bir ifaçı varmı?

- Mən bir müddət Asif Məhərrəmov ilə duet oxudum. Lakin o yoluna tək davam etməyə qərar verdi. Məndən asılı olmayan səbəblərdən aramız dəydi. Asiflə oxuduğum 6 mahnını aldım. Onlar hal-hazırda mənim şəxsi mahnılarımdır. Buna baxmayaraq, yenə də dostluq münasibətlərimizi qoruyub saxlayırıq.

- Bayaq oğlunuzdan danışdınız. Son zamanlar haqqınızda çıxan xəbərlərə oğlunuzun münasibəti necədir?

- O, Azərbaycanda yaşamır, Fransada təhsil alır. Mən oğluma qırmızı köynək geyindirmərəm. Düzdür, onu avropalı gənclərə oxşatmağa çalışsam da, o, bunu istəmir. Lakin ilk vaxtlar belə xəbərlər çıxanda gərgin olmuşdu. Daha sonra mən ona işimin insanların gözünün qarşısında olduğunu, yəni efir adamı olduğumu və belə xəbərlərin çıxmasının normal olduğunu başa saldım. Həm də ilk səhnəyə çıxdığım vaxtlarda o qədər də tanınmırdım, buna görə də haqqımda belə xəbərlər çıxmırdı. Yayılan xəbərlərdə düzgünlük payı var. Lakin bəziləri mənə qarşı qərəzli yazılır. Bu xəbərləri indi xalq da çox asanlıqla qəbul edir. Çünki bilirlər ki, müğənnisən və bu belə də olmalıdır. "İnstagram"da məni izləməyən insanlar verilişdə gül gəldikdən sonra izləməyə, mənə şərhlər yazmağa başlayıblar. Özüm də bilmədən hadisələrin mərkəzində oldum. Daha sonra şəkillərimə rəylər, şərhlər yazmağa başladılar. Mən aqressiv insanam. Təhqirə səliqəli bir şəkildə təhqirlə cavab verirəm. Susanlardan deyiləm.

- Sirr deyilsə, sizə gülləri göndərən şəxs kimdir?

- Şayiələr çıxdı ki, Afət xanım özü-özünə gül göndərib. Hətta verilişdə Zaurun gülləri elə hala salmasının səbəbi mənim reaksiyamı ölçmək üçün idi. Evimə də güllər göndərilmişdi. Daha sonra, güllərin mənə kim tərəfindən göndərdiyini bildikdə Zaura da dedim. Gülü göndərən subay adamdır. Mən həyat yoldaşımdan ayrıldıqdan sonra o insan mənim arxamca düşüb. Gülləri gətirən şəxsdən əslində zəhləm gedir. (Həmin şəxsin adını açıqlamır)

- Birinci həyat yoldaşınızdan niyə ayrılmışdınız?

- Birinci evliliyimi 16 yaşımda etmişəm. O, məni qaçırmışdı. Nikaha yaşım çatmırdı, oğlum dünyaya gələnə yaxın rəsmi nikahım oldu. Mən onu münasibətlərimizin başlanğıcında sevmirdim, lakin sonra sevdim. O, Ukrayna vətəndaşı idi və biz orada yaşamalı idik. Mən orada qala bilmirdim. Mənim 18 yaşım olanda qardaşımın toyuna gəldik və mən getməyəcəyimi, geri qayıtmayacağımı dedim. Bir az çılğınlıq, bir az uşaqlıq idi. Lakin o şəxs də çox yalançı idi. Nəfəsi yalanla gedib gəlirdi.

"Fədayə kimi sevgi yaşamaq istəyərəm" - Afət Fərmanqızı ilə müsahibə - FOTOLAR


- Haqqınızda qalmaqallı xəbərlər yayılan Seyran bəylə sizi nə kimi münasibətlər bağlayır?

- Seyran bəylə ikinci həyat yoldaşımdan ayrıldıqdan sonra tanış oldum. 26 yaşımda ikinci dəfə ailə qurmuşdum. Lakin o, mənə xəyanət etdi və yollarımız ayrıldı.

Seyran mənə sevgisini etiraf etməmişdən qabaq evli olub. Onun mənə yazdığı məktublar hələ də əlimdədir. Mən ondan yoldaşından ayrılacağı təqdirdə, onunla münasibət quracağımı söyləmişdim. O, yoldaşından ayrıldı. İzləyicilər mənə “utanmırsan başqasının həyat yoldaşı ilə görüşürsən?” dedikdə, əsəbləşib “o, artıq mənim həyat yoldaşımdır” demişdim. Mən o zaman bu cümləni acığa yazmışdım. Düşünmürdüm ki, nə vaxtsa bu cümləni mənə qarşı istifadə edəcəklər. Seyranla hal-hazırda çox yaxşı münasibətlərimiz var. O, alicənab oğlandır. Mən səhnəyə çıxdıqdan sonra qısqanmağa başladı. Buna görə də "mənimki onunla alınmayacaq" dedim və o, ailəsi ilə barışdı. İndi aramızda normal münasibət var. Bügünkü gündə toylarda da birlikdə iştirak edirik. Bizim bir-birimizə qarşı mənfi münasibətimiz olmayıb. O, mənə qarşı düzgün idi, mən də ona.

"Fədayə kimi sevgi yaşamaq istəyərəm" - Afət Fərmanqızı ilə müsahibə - FOTOLAR


- Fərqli bir geyim tərziniz var və tez-tez fərqli obrazlarda sizi görürük. Bunun səbəbi nədir?

- Mən geyimlərimi tikdirirəm. Düşünmürlər ki, mən səhnə adamıyam və fərqli tərzlərdə məni görə bilərlər. Sadəcə insanlar məni heç vaxt belə bir libasda görməmişdilər. Bu libası Aygün Kazımova, Röya geyinsəydi, heç kimi bu cür reaksiya verməzdi.

- Bəs sizcə, bunun səbəbi nədir?

- Çünki onlar çox qısa geyimlərdə belə səhnəyə çıxıblar. Mən isə ancaq uzun, örtülü, gecə libasları geyinmişəm. Lakin artıq mən də dəyişmək istədim. Çünki insan bəzən eynilikdən bezir.

- Afət xanım, yenidən ailə qurmaq barədə düşünürsünüz?

- Elçi düşənlər olur. Lakin mənim etibarım itib. Hələ yeni bir münsibətə özümü hazır hiss etmirəm. Sosial şəbəkələrdə dostlarımla bağlı elə hadisələrə, sözlərə rast gəlirəm ki... Düşünürəm ki, mən hələ də insanları yaxşı tanımıram. Zəif cəhətim ondan ibarətdir ki, mən insanlara tez güvənirəm. Mənə əziz olan rəfiqəmdən elə bir zərbə almışam ki, bunu həyatım boyunca unuda bilmirəm. Dost, sevgi xəyanətini yaşamışam. Amma yenə də özümü xoşbəxt qadın hesab edirəm ki, sağlam, ağıllı övladım var, izləyicilər tərəfindən sevilirəm, müəyyən publikam var və bunların hamısı mənə bəs edir.

- Son dövrlərdə belə bir fikir var ki, müğənni ilə ailə həyatı qurmaq olmaz. Siz necə, oğlunuza müğənni qız alarsınızmı?

- Mən oğluma müğənni də, iki uşaqlı qadın da, avropalı qız da alaram. Yetər ki, oğlum istəsin. Mən oğlumun fikirlərinə hörmətlə yanaşıram. Oğlum əgər desə ki, oxuma, mən oxumaram.

- Son günlər medianın əsas mövzusu Fədayə Laçının həbsi oldu. Bəs sizin bu mövzuya münasibətiniz necədir?

- Mən bağışlanmasını istərdim. Mənim Azərbaycanda Zeynəb Xanlarovadan sonra qulaq asdığım 3 səs var: Fədayə Laçın, Aygün Bayramova, Mətanət Əsədova. Səhnəmizin bu səslərdən məhrum olmasını istəməzdim. Düzdür, qanun qarşısında hamımız bərabərik. Amma bir vətəndaş, sənətçi kimi onun bağışlanmasını istəyirəm.

Bəs siz özünüz bir avtoritetlə sevgili olarsınızmı?

- Onun başına gələn sevgi macərasının mənim başıma da gəlməsini istərdim. Avtoritet də insandır. Əvvəlcədən bilsəydim, xeyr, olmazdım. Çünki mən oğlum üçün yaşayıram. Oğluma görə hisslərimi də qurban verməyə hazıram. Lakin onun kriminal aləmə aid olduğunu bilməsəm, mən onu sevərdim və ardınca da gedərdim

- Yəni Fədayənin yaşadıqlarını yaşamaq istəyərsiniz?

- Oğluma görə yox. Çünki mənim övladım var. Amma mən bir insan kimi Fədayəyə qibtə edirəm. Ona görə ağladım. Onun kimi sevgi yaşamaq istəyərəm.

- Dəvətimizi qəbul edib gəldiyinizə görə çox sağ olun.

-Siz sağ olun.

Minion.az