Range Roverlə yaşlı qadını vuran Nərimanov rayon icra başçısı müavininin oğlunun 3-cü kursda yazdığı İBRƏTAMİZ HEKAYƏ - ŞƏRHSİZ


Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadov avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törədib. Bununla bağlı sizə xəbər vermişdik.

Belə ki, Elmar İbadov 10-AC-100 nömrəli Range Roverlə yaşlı qadını vurub və qadın dünyasını dəyişib. Atası isə yerli mətbuata açıqlamasında (sonradan müəmmalı şəkildə yoxa çıxan) bildirmişdi ki, qadın yaşlı və xəstə idi. Onu oğlu öldürməyib, əksinə, Elmar onu vurandan sonra öz maşını ilə xəstəxanaya aparıb.

Hadisəni törədən Elmar İbadov BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin məzunudur.Minion.az Azpress.az-a istinadən dərc edilən bu ibrətamiz məqaləni oxuculara təqdim edir:

Bir dövlətin dayanıqlı inkişafı üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verməklə, gənclərin cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.
Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə indi cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Hazırda gənc nəslin düzgün istiqamətdə yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini təsdiqləyirlər. Ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.
Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə də qeyd etdi. Möhtərəm Prezident bildirdi ki, gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. “Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq” deyən
İlham Əliyev çox səmimi danışdı.
Cənab Prezidentin bu görüşündən sonra bir daha əmin olduq ki, Azərbaycan gəncliyi sağlam əllərdədir. Bizim arxamızda güclü Azərbaycan dövləti dayanır. Belə olduqda, təbii ki, biz gənclərin də üzərinə böyük məsuliyyət düşür. Dövlət başçısının qətiyyətli çıxışı isə bu məsuliyyəti bir xeyli dərinləşdirdi. Artıq başa düşürük ki, biz öz təhsilimiz, düşüncə tərzimiz və bacarığımızla hər hansı bir formada dövlətimizə dəstək olmalıyıq. Çünki cənab Prezident xüsusi olaraq vurğuladı: “Biz bu gün güclü dövlət qururuq. O dövlət ki, dünya miqyasında böyük hörmətə malikdir. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün sadəcə güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq”.
Bir dövlətin, dövlət başçısının gənclərə, gəncliyə olan münasibəti məhz belə olmalıdır. Əks təqdirdə ölkədə 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərməzdi, dövlət idarə və müəssisələrində gənclərin yeri və rolu görünməzdi, hər il onlarla gənc təhsil almaq üçün nüfuzlu xarici ölkə universitetlərinə göndərilməzdi. Bu gün sosial həyatın bütün sferalarına nəzər salsaq görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Onlar parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Təbii ki, bütün bunlar cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən inamı doğrultmağa çalışırlar.
Cənab Prezident görüş zamanı dünyada və ölkədə baş verən siyasi və iqtisadi proseslər barədə də çox ciddi fikirlər səsləndirdi. Qlobal problemlər məngənəsindən çıxış yolları barədə danışdı. Fikrimcə, dövlət başçısının ölkə üçün əhəmiyyətli olan məsələlər ətrafında gənclərlə geniş fikir mübadiləsi aparması onun gənclərə verdiyi böyük dəyər və qiymətin təcəssümüdür.
Düşünürəm ki, yanvarın 29-da bir qrup Azərbaycan gəncinin Prezidentlə baş tutan görüşü və onun səsləndirdiyi dəyərli tövsiyələr, fikirlər bütün gəncliyimiz üçün bir stimul olacaq. Hər birimiz çalışmalıyıq ki, təhsilimiz, işimiz və qabiliyyətimizlə ölkəmizin inkişafına, onun keyfiyyətli təbliğinə, mədəniyyətinin qorunmasına töhfələr verək. Çünki ölkəmizin gələcəyi biz gənclərdən asılıdır. Biz nə qədər sağlam olsaq, dövlətimiz də o qədər möhkəm və dayanıqlı olacaq.

Range Roverlə yaşlı qadını vuran Nərimanov rayon icra başçısı müavininin oğlunun 3-cü kursda yazdığı İBRƏTAMİZ HEKAYƏ - ŞƏRHSİZ